“Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim. Dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır”.

Bu sözləri Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı səsləndirib.

Dövlət başçısı indi sözügedən yerin böyük ərazi olduğunu, şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradıldığını diqqətə çatdırıb: “Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var”. 

“Biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”, - deyə ölkə başçısı qeyd edib.